İşğalçı Ermənistan Azərbaycan ərazilərinin işğalda saxlanması prosesini uzatmaq məqsədilə sülh danışıqlarından boyun qaçırmaq yolunu qoşunların təmas xəttində gərginlik yaratmaqda görür. Bu məqsədlə davamlı olaraq, cəbhənin bu və ya digər istiqamətlərində təxribatlar törədir. Təxribatlar nəticəsində azərbaycanlıların yaşayış məntəqələri atəşə tutulur. Bəzi hallarda isə mülki şəxslər arasında itkilər də baş verir. Son vaxtlar bu cür təxribatların sayı və miqyası artmaqdadır. Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, Tovuz rayonu ərazisinə hücum etməsi də bu prosesin tərkib hissəsidir. İyulun 12-də Tovuz rayonu istiqamətindən hücuma keçən Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisində olan strateji məntəqələri ələ keçirmək və bununla da adıçəkilən rayon ərazisində üstünlük əldə etmək istəyirdilər. Ermənistan ordusu dövlət sərhəddini pozaraq, sürətli əməliyyat həyata keçirmək, strateji yüksəkliklərdəki mövqeləri tutmaq, bununla da iri yaşayış məntəqələrimizə nəzarət etməklə işğal prosesini həmin istiqamətdən davam etdirmək niyyətində idilər. Lakin Ermənistan ordusunun bu hücumunun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alındı. Bununla yanaşı, Ermənistan ordusunun həmin istiqamətdə dislokasiya olunan tabor və bölüklərin dayaq məntəqələri raket-artilleriya zərbələri ilə məhv edildi. Qısa vaxtda ordumuz döyüş ərazisində üstünlük qazanaraq, Ermənistan ordusunu itkilərə məruz qoydu. Onlarla hərbçisini itirən ermənilər geri çəkilmək məcburiyyətində qaldılar. Bu o deməkdir ki, artıq Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərindəki dağınıq və qeyri-peşəkar hərbi birləşmə deyil, əksinə müasir döyüş aparmaq imkanlarına malik olan güclü ordudur. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı xalqımız da Prezident İlham Əliyevin və ordunun yanında olduğunu açıq şəkildə bəyan etdi. Həmin günlər xalq-ordu-İlham Əliyev birliyinin təcəssümü idi. Lakin erməni dəyirmanına su tökənlər də tapıldı. Bu adamlara qarşı sərt tədbirlər həyata keçirildi. Bununla bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da xalqa müraciət ünvanladı. Müraciətində Tovuzda döyüşlər gedən günlərdə vətəndaş həmrəyliyinə toxunan Mehriban Əliyeva, bəzilərinin təxribat xarakterli fikirlərinə və bunların sosial şəbəkələrdə yayılmasına reaksiya verib. Bu müraciəti vətəndaş həmrəyliyinin daha da güclənməsinə və təxribatçılara qarşı birgə mübarizəyə çağırış kimi də qiymətləndirmək olar. Cənab Prezidentimizin hər zaman xalqının, elinin yanında olmasının ən bariz göstəricisi də son döyüşlərdə şəhid olan hərbiçilərimizin dövlətimiz tərəfindən xüsusi qayğı ilə əhatə olunması, onların sosial problemlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsinin diqqət mərkəzində saxlanılmasıdır. Hesab edirəm ki, dövlətə rəhbərlik edən şəxslərin yanında olmaqla, Azərbaycanın müstəqilliyini qorumaq və düşmənə qarşı mübarizədə ön cəbhədə olmuş olarıq. Çünki bu gün Prezident İlham Əliyevin çağırışlarına dəstək vermək Azərbaycanın müstəqilliyinin güclənməsi deməkdir. Elmira Allahverdiyeva,Xocalı rayon sakini, şəhid ailəsi